Azərbaycan Sahibkarlar Konfederasiyası Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq müqaviləsi imzalayıb

18.05.2015

Azərbaycan Sahibkarlar Konfederasiyası Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)  ilə  Dövlət Sosial Müdafiə Fondu (DSMF)  arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi ASK-nın prezidenti Məmməd Musayev  və DSMF-nin sədri Elman Mehdiyev imzalayıblar.

Tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlar nəticəsində iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması bilavasitə  vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu gün ölkəmizdə müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması ilə beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunmuşdur. Fond sədri qeyd edib ki, bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Pensiya təminatı sistemində nəzərdə tutulan islahatların istiqamətlərindən ətraflı söz açan E.Mehdiyev bildirib ki, Konsepsiyanın icrası çərçivəsində Fond sosial tərəfdaşlarla ictimai müzakirələrin təşkilinə geniş yer ayırır. Fond sədri islahat tədbirlərinin reallaşdırılması prosesində DSMF və sığortaedənlər arasında səmərəli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu baxımdan imzalanan Memorandum çərçivəsində nəzərdə tutulan tədbirlərin faydalı olacağına əminliyini ifadə edib.

ASK-nın prezidenti Məmməd Musayev çıxış edərək sahibkarlığın inkişafına dövlət tərəfindən çox böyük diqqət yetirildiyini bildirib və sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunduğunu, bu məqsədə maliyyə resurslarının cəlb edildiyini qeyd edib. Nəzərdə tutulan pensiya islahatlarının mühüm önəmindən bəhs edən M.Musayev imzalanan sənədin sahibkarlarla DSMF arasında əməkdaşlıq münasibətlərinin, bütövlükdə özəl sektorun və ölkə iqtisadiyyatının  inkişafına müsbət təsir edəcəyini bildirib.

Tədbirdə diqqətə çatdırılıb ki, ASK və  DSMF  arasında nəzərdə tutulan əməkdaşlıq sahibkarlıq subyektlərinin sosial sığorta və pensiya təminatına dair qanunvericilik üzrə maarifləndirilməsi, onların bilik və məlumatlarının artırılması, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın icrası prosesində müxtəlif islahatların sahibkarlıq subyektləri ilə birgə maarifləndirmə tədbirlərinin və ictimai müzakirələrin təşkili və digər sahələri əhatə edəcəkdir.

 

Günel Yusifqızı