Azərbaycan və Hindistan iqtisadi əlaqələri genişlənir

15.02.2016

Azərbaycan və Hindistan iqtisadi əlaqələri genişlənir

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  (ASK) Hindistanın ölkəmizdəki səfirliyi ilə birgə keçirdikləri “MAKE İN İNDİA” adlı  tədbirdə  rəsmi şəxslərlə yanaşı, hər iki ölkədə fəaliyyət göstərən 70-dən çox   iş adamı  və KİV nümayəndələri iştirak ediblər.Tədbirdə hər iki ölkədə sahibkarlığın mövcud vəziyyəti, investisiya, partnyorluq imkanları barədə təqdimatlar dinlənilib, gələcək əməkdaşlığa dair  müzakirələr aparılıbdır.

Salamlama nitqi ilə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev  bildirib ki, ölkə prezidenti İlham Əliyevin  rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradılır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırılır. Ölkə iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Həmçinin iqtisadiyyatımızın inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir, yeni investisiya imkanlarının araşdırılması istiqamətində müvafiq iş aparılır. Azərbaycanda  sahibkarlığın inkişafına son vaxtlar xüsusi  əhəmiyyət verildirini qeyd edən  Musayev hal-hazırda ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını da  qonaqların diqqətinə çatdırıb.

ASK-nın prezidenti qeyd edib ki, Azərbaycanla  Hindistan iş adamlarını bir araya gətirməkdə əsas məqsəd iki ölkənin  biznes sturukturları, ticarət və investisiya sahələrində fəaliyyət və gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyır. İki ölkənin iş adamlarının qarşılıqlı fəaliyyətinin rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcəyinə ümid etdiyini deyən M.Musayev bu tədbirin  ölkəmizdə idxal və ixracla bağlı mövcud vəziyyəti canlandıracağına inandığını da dilə gətirib.Hindistanlı iş adamlarını azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığa dəvət edib. Bildirib ki, biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin əldə olunması, müştərək  müəssisələrin yaradılması istiqamətdə birgə əməkdaşlıq faydalı ola bilər. Hindistanın informasiya texnologiyaları sahəsində  qabaqcıl ölkə olduğunu  deyən M.Musayev  bu sahədə əməkdaşlıq imkanlarını dəyərləndirməyi iş adamlarına  tövsiyyə edib.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana çıxış edərək bu cür tədbirin təşkilinə  görə Azərbaycan Sahibkarlar Konfederasiyasına öz minnətdarlığını edib. Səfir belə   görüşlərin gələcək əlaqələrin inkişafına müsbət təsir edəcəyini bildirib.

Tədbir Hindistan Səfirliyinin İkinci Katibi və Ticarət Departamentinin  başçısı cənab Norbu Neginin  “MAKE  İN  İNDİA” mövzusunda təqdimatı ilə davam edib. Təqdimatda Hindistanın iqtisadiyyatı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

“ASK Biznes Konsaltinq” MMC-nin direktor müavini  Nurlan Quliyevin  “Azərbaycanda İnvestisiya İmkanları” mövzusunda təqdimatı da  hindistanlı iş adamları tərəfindən maraqla qarşılanıb.