Maliyyə institutları ilə iş komissiyası yeni istiqamətlər müəyyənləşdirib

23.10.2016

Maliyyə institutları ilə iş komissiyası yeni istiqamətlər müəyyənləşdirib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən  “Maliyyə institutları ilə iş komissiyası”nın  iclası keçirilib. İclas zamanı ölkənin   maliyyə  bazarında mövcud vəziyyət müzakirə edilib.

Maliyyə institutları ilə iş komissiyasının sədri   Cavanşir Abdullayev bildirib ki,  maliyyə komissiyasının əsas funksiyası lizinq kimi tənzimlənməyən maliyyə institutlarının problemlərinin həllinə dəstək vermək, bizneslərin maliyyə xidmətlərinə ehtiyacları, habelə maliyyə institutları ilə bizneslər arasında olan işgüzar münasibətlərin yaxşılaşdırılmasına dəstək verməkdən ibarətdir. Maliyyə komissiyası heç bir halda sahə assosiasiyaları ilə təkrarlanan məsələlərlə məşğul olmamalı, yalnız onlara əməkdaşlıq etməli və biznesin maliyyə xidmətləri üzrə istəklərini bu Assosiasiyalara çatdırmalıdır.

Daha sonra komissiyanın digər üzvləri də onları narahat edən məsələlər ətrafında fikirlərini bölüşüblər.

“TuranBank” ASC –nin Biznesin inkişafına dəstək departamentinin direktoru      Rəşad Tanrıverdiyev qeyd edib ki, gələcəkdə müxtəlif mövzulu təlim , məsləhətlər və əhalinin  maliyyə savadlığının artırılmasına dəstək verilməsi üçün  komissiya üzvləri daha intensiv iş aparmalıdırlar.

Lizinq bazarı ilə mövcud vəziyyəti analiz edən ekspertlər bu sahədə bır sıra  məsələlərin həllinə dəstək verilməsini arzu etdiklərini dilə gətiriblər. Daxili lizinqin ƏDV-dən azad olunması və biznesmenlərin sənədli əməliyyatlar üzrə maariflənməsinə ehtiyac olduğu da istisna edilməyib.

Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanov isə bildirib ki, kredit ittifaqları  bölgələrdə kiçik biznesi maliyyələşdirən əsas maliyyə institutlarıdır  və hazırda onların maliyyə resursları qıtlığı yaşanır.

Komissiyanın  fəaliyyətinin məhsuldar olması üçün  Konfederasiyanın lazimi dəstək göstərəcəyini deyən ASK-nın vitse prezidenti Vüqar Zeynalov maliyyə komissiyasının göstərilən məsələlər, xüsusən də maliyyə institutları ilə biznes arasında işgüzar münasibətlərin formalaşmasında xüsusi rol oynayacağına  əminliyi bildirib.