Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu keçirilib

11.02.2015

Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu keçirilib

Oktyabrın 24-də Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı keçirilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilmiş tədbir Naxçıvan MR-nin yaradılmasının 90 illik yubileyinə həsr olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərini qəbul etmiş, forumun və biznes şurasının işinə uğurlar arzulayaraq, tədbirin quruma üzv ölkələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətli olacağına əmin olduğunu bildirmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistandan olan ticarət-sənaye palatalarının, sahibkarlar birliklərinin rəhbərləri, 75 xarici şirkətin təmsilçisi və özəl sektorun nümayəndələri, eləcə də Azərbaycanın dövlət rəsmiləri və 120-dən çox yerli sahibkar iştirak etmişdir.

Forumda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə bildirmişdir ki, Naxçıvan MR uzun müddətdən bəri blokada vəziyyətində olmasına baxmayaraq, Azərbaycanın sürətlə inkişaf edən regionudur. Aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur. Hazırda sənaye, tikinti, ticarət və xidmət sahələri MR-də əsas yer tutur. Müslüm Cabbarzadə çıxışında qeyd edib ki, bu günkü biznes-forumda aparılan müzakirələr və iş adamları arasında keçirilən ikitərəfli görüşlər iqtisadi əlaqələrin inkişafı üçün faydalı olacaqdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının biznes-forumlarının təşkil olunması da üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi sahəsində qarşılıqlı fikir mübadiləsinin aparılması və əməli təkliflərin ərsəyə gəlməsi baxımından olduqca faydalı əməkdaşlıq formatıdır.

Naxçıvan MR-nin İqtisadiyyat və Sənaye naziri Famil Seyidov çıxışında iqtisadi əməkdaşlığa və həmrəyliyə hər zaman olduğundan daha çox ehtiyac olduğunu vurğulamış, Naxçıvan MR-nin iqtisadi göstəricilərini forum iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, son 10 ildə inkişafın mühüm göstəricisi olan ÜDM istehsalının həcmi 8,4 dəfə artaraq 981 mln. ABŞ dollarına çatmışdır. Sovetlət birliyi dönəmində Muxtar Respublikada 40 sənaye müəssisəsi fəaliyyət göstərirdisə də, bu gün onların sayı 438-ə çatmışdır. Bu müəssisələr hesabına Muxtar Respublikada 350 növdə məhsul istehsal olunur, 336 növdə məhsula olan təlabat təmamilə yerli istehsal hesabına ödənilir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Ramil Həsənov forumun təşkilatçılığını yüksək qiymətləndirmiş, 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət rəhbərlərini 9-cu Zirvə Toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını tarixi hadisə kimi qeyd etmişdir. Ramil Həsənov 150-dən çox sahibkarın iştirak etdiyi forumun Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafına təkan verəcəyini, Türkdilli Dövlətlər Əməkdaşlıq Şurası olaraq ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün dəstək göstəriləcəyini vurğulamışdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov bildirmişdir ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə, xüsusən də iqtisadiyyat sahəsində uğurlu əməkdaşlıq edirlər. Bu baxımdan, regional əməkdaşlıq məsələləri xüsusi önəm kəsb edir. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən digər qurumlar kimi, biznes dairələri arasında əməkdaşlıq platformasının yaradılmasına təkan verən Biznes Şurası da ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Sahib Məmmədov qeyd edib ki, ölkəmiz Türkdilli Dövlətlərlə siyasi, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsinə böyük önəm verir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşkilatın Sammitlərində bunu dəfələrlə bəyan etmişdir. Dövlət başçısının müəyyən etdiyi siyasətə uyğun olaraq, bu ölkələrlə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrin inkişafı daim təşviq olunur. 16 avqust 2013-cü il tarixində Azərbaycanda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-

cü Zirvə Toplantısı çərçivəsində qəbul edilmiş Qəbələ Bəyannaməsində iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Biznes Şurasının işinin dəstəklənməsi xüsusilə qeyd edilmişdir. Bugünkü tədbirdə müzakirə ediləcək məsələlər təşkilatın daha da güclənməsinə və ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında forumun işə başlaması münasibətilə iştirakçıları təbrik etmiş və Naxcıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Türkdilli Dövlətlərin Biznes Şurasının bir araya gələrək Forum kecirməsinin əlamətdar hadisə olduğunu vurğulamışdır. Sahibkarlar Konfederasiyasının prezidenti qeyd etmişdir ki, 2009-cu ildə Azərbaycanın qədim Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsi barədə qərar qəbul edilmiş və həmin təşkilatın toplantılarının keçirilməsi artıq ənənə halını almışdır. Ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv ölkələri arasında siyasi və iqtisadi münasibətlərin dərinləşməsi Avro-Asiya kimi böyük bir məkanda regional əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini vermişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan dövlətlər arasında əlaqələrin inkişafına ictimai dəstək vermək məqsədilə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi təşəbbüsü müsbət haldır. Qloballaşma meyllərinin və demokratik dəyişikliklərin geniş vüsət aldığı müasir dövrdə vətəndaş cəmiyyəti inistitutlarının lokal, regional və beynəlxalq miqyasda cərəyan edən proseslərə təsir imkanları xeyli artmışdır. Onlar sülhün və təhlükəsizliyin qorunmasında, xalqlar arasında əlaqələrin güclənməsində, habelə layihələrin həyata kecirilməsində özünəməxsus rol oynayırlar. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrinin prioritet istiqamətlərindən biri də birgə reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı və digər sahələri əhatə edən böyük layihələrə, üzv ölkələrin bir-biri ilə ictimai –siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə öz töhfələrini verə bilməsidir. Məmməd Musayev qeyd etmişdir ki, forumda iştirak edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, təşkilata daxil olan ölkələrin təmsilçiləri qazanılmış müsbət təcrübəyə arxalanaraq, gələcək fəaliyyətin başlıca istiqamətlərinin müəyyənləşdirilməsi, regionda ərzaq təhlükəsizliyinin təmin olunması, turizmin inkişaf imkanlarının araşdırılması və digər aktual məsələlər üzrə səmərəli müzakirələr aparacaq və dəqiq hədəflər müəyyən edəcəklər.

Sonra Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti R.Hisarcıklıoğlu, Qazaxıstanın Beynəlxalq Ticarət Palatasının İdarə Heyəti sədrinin müavini Abdulla Kundakbayev, Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev, Qazaxıstan Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Kadır Baykenov çıxış etmiş, Türkdilli Dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsi istiqəmətində görülən işlərdən, nəzərdə tutulan tədbirlərdən danişmışlar.

Tədbir çərçivəsində Türkiyə Qida Konfederasiyasının prezidenti Hakan Yüksəl “Regionda ərzaq təhlükəsizliyi çağırışıları fövqündə regional aqrar inteqrasiya layihələri haqqında” təqdimatla çıxış etmişdir. Forum zamanı Azərbaycan (AzPROMO), Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəflərinin də təqdimatları keçirilmişdir.

Daha sonra Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı keçirilmiş və iş adamları arasında ikitərəfli görüşlər təşkil olunmuşdur.

Sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasında bir sıra sənaye-istehsal müəssisələrinin – “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC, “Dizayn Sənaye Kompleksi” MMC (penoplast və profil istehsalı), “Gəmiqaya Mineral Sular” MMC, “Cahan” AVM-in fəaliyyəti ilə tanış olmuşlar.

Tədbir Konsert proqramı ilə başa çatmışdır.