Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinın Rəyasət heyətinin iclasında ASK-nın prezidenti də iştirak edib

27.04.2015

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədrinin müavini Məmməd Musayev və Konfederasiyanın Baş məsləhətçisi Məhəmmədəli Əfəndiyevdən ibarət nümayəndə heyəti 18-20 mart 2015-ci il tarixlərdə Moskva şəhərində SSBK-nın Rəyasət heyətinin növbəti iclasında və Rusiya Biznesi həftəsi çərçivəsində Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqının qurultayında iştirak etmişdir.

SSBK-nın Rəyasət heyəti müasir dövrdə Konqresin fəaliyyətinin bəzi aktual məsələlərinə ,onun milli ittifaq və birliklərlə qarşılıqlı fəaliyyəti , konkret layihə və proqramların həyata keçirilməsinə baxmışdır.

Rusiya Sənayeçilər və Sahibkarları İttifaqının vitse-prezidenti A.Murıçevin İttifaqın anti böhran proqramı haqda çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

İclasda həmçinin konqresin Braziliya,Rusiya,Hindistan,Çin və Cənubi Afrikanın daxil olduğu ölkələr qrupu(BRİKS) və Yaxın Şərq ölkələri biznes ictimaiyyəti ilə əməkdaşlığı və Avropa İqtisadiyyatı komissiyası ilə əməkdaşlıq Memorandumunun layihəsinə baxılaraq müvafiq qərarlar qəbul olunmuşdur.

Rəyasət heyəti SSBK-nın “İnvestisiya və maliyyə-bank fəaliyyəti” və “Aqrar-sənaye kompleksi” üzrə komitələrinin yaradılması barədə qərar qəbul etmişdir.

İclasda SSBK-ya yeni üzvlər qəbul olunmuş və SSBK-nın vitse-prezidentlərinin tərkibində dəyişiklik edilmişdir.

Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqının XXII qurultayında Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Rusiya Hökümətinin üzvləri,aparıcı Rusiya şirkətlərinin rəhbərləri, RF subyektlərinin başçıları, xarici biznes ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Təşkilatın ötən ilki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edən Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqının Prezidenti A.N.Şoxin ölkə iqtisadiyyatında yaranmış situasiya və onun vəziyyətinin stabilləşdirilməsi və yaxşılaşdırılması imkanları barədə , habelə biznes və hökümətin qarşılıqlı fəaliyyətinin perspektiv istiqamətləri barədə ətraflı danışmışdır.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin qurultayda ölkə iqtisadiyyatı,biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı haqda geniş çıxış etmiş ,kapitalların amnistiyası  haqda qanun layihəsi üzərində daha çox dayanaraq qurultay iştirakçılarını əmin etdi ki, hüquq mühafizə orqanlarının qanunu özlərinə sərf edən qaydada tətbiq etməmələri üçün tədbir görüləcək, pulların qaytarılması prosesinin iqtisadi cəhətdən əlverişli olması təmin olunacaq. O, eyni zamanda, pulların xaricdən Rusiyaya qaytarılmasına mane olmaq cəhdləri barədə məlumatların daxil olması haqda  biznesi xəbərdar etdi. Plenar iclasdan sonra Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqının İdarə Heyətinin üzvləri ilə görüşmüşdür.

Qurultayda RF Maliyyə naziri Anton Siluanov,İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev , Sənaye və Ticarət naziri Denis Manturov, Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artemyev, Avropa Biznes Assosiasiyası İdarə Heyətinin sədri Filip Peqorye, Sahibkarların hüquqlarının müdafiəsi üzrə RF Prezidenti yanında Müvəkkil, Boris Titov , Rusiyanın birbaşa İnvestisiyalar Fondunun Baş direktoru Kiril Dmitriyev, ASİ-nin baş direktoru Andrey Nikitin , İnterskol MMC-nin Direktorlar Şurasının sədri Sergey Nazarov, Rusiya-Alman xarici ticarət Palatası İdarə Heyətinin sədri Mixael Xarms, Altay Vilayətinin Qubernatoru Aleksandr Karlin çıxış etmişlər.

RF Sənaye və Ticarət naziri Denis Manturov öz çıxışında nazirliyin Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqı ilə əməkdaşlığının əhəmiyyətini qeyd edərək, xüsusi ilə Sənayenin İnkişafı Fondunda  və  idxalı əvəz edən sahə planlarının hazırlanmasındakı işi, Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqı nümayəndələrinin müşahidə və ekspert şuralarının tərkibinə daxil olduqlarını  bildirmişdir.

Qurultay çərçivəsində Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqı ilə Mübahisələrin həlli üzrə Beynəlxalq Mərkəz arasında əməkdaşlığa dair razılaşma imzalanmışdır.

Qurultayın sonunda Rusiya Sənayeçiləri və Sahibkarları İttifaqının “Rusiya Biznesinin Liderləri” müsabiqəsinin müxtəlif nominasiyalar üzrə qaliblərinə mükafatlar verilmişdir.