Tailandla iqtisadi əlaqələrimiz genişlənir

15.06.2016

Tailandla iqtisadi əlaqələrimiz genişlənir

 Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  nümayəndə heyəti  Tailand Krallığı ilə hər iki ölkənin iş adamları arasında iqtisadi əlaqələrin genişləndirilməsi, sahibkarlar arasında işgüzar münasibətlərin yaranması məqsədilə mövcud  əlaqələri daha da  genişləndirməyi nəzərdə tutur. Bu məqsədlə də Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev  Tailandın Türkiyə və Azərbaycan üzrə Fövqəladə və Səlahiyyətli Səfiri  Tharit Çarunqvatla görüşüb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin, həmçinin yeni investisiya imkanları çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb. ASK-nın prezidenti Məmməd Musayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verərək, konfederasiyasının beynəlxalq əlaqələrindən də söhbət açıb. Qarşılıqlı keçirilən müxtəlif tədbirlərin iqtisadi sahədə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkan yaratdığını qeyd edib.

Səfir Çarunqvat Tailand tərəfinin Azərbaycanla əməkdaşlıqda son dərəcədə maraqlı olduğunu, iki ölkənin iş adamlarının birbaşa əlaqələndirilməsinin əhəmiyyətli olacağını qeyd edib.

Görüş zamanı iki ölkənin müvafiq təşkilatları arasında Əməkdaşlıq Müqaviləsinin imzalanması haqqında fikir mübadiləsi aparılıb. Hər ik tərəf təklifin  araşdırılaraq əməkdaşlıq əlaqələrinin qurulacağını da istisna etməyib.