Xanım sahibkarların Almaniyaya səfəri səmərəli keçib

13.07.2015

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Qadın sahibkarlığın inkişafı”  komissiyasının üzvləri Almaniyaya səfər ediblər. Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Almaniyanın Meklenburg – Vorpommern Texniki Peşə Təhsil İnstitutunun maliyyə dəstəyi ilə 28 iyun-03 iyul 2015-ci il tarixlərində Almaniyaya təşkil edilən  işgüzar görüşdə ASK-nın “Qadın sahibkarlığın inkişafı” komissiyanın sədri Jalə Hacıyeva ilə birgə digər üzvlər – “Vəkil Bürosu” MMC-nin direktoru Arzu Əliyeva, “FFF+N” MMC-nin  təsisçisi Tacirə İslamova, Bakı Tekstil fabrikin təsisçisi Səkinə Babayeva, AİVA MMC-nin  və “Epikur bağı” restoranının təsisçisi Pərvanə İskəndərova  iştirak ediblər. Qafqaz üzrə 13 xanım sahibkarın  istirak etdiyi səfərdə  onların  fərqli bizneslərinin  olduğunu nəzərə alaraq müxtəlif sahələr üzrə  B2B formasında görüşlər keçirilmiş, təcrübə mübadiləsi aparılmışdır. Həmçinin Almaniyanin Sahibkarlar Konfederasiyasının Avropa üzrə sosial siyasət və beynəlxalq əlaqələr üzrə rəhbəri  xanım Renate HornungDraus, Bundestaqda parlamentlər arası dostluq qrupun rəhbəri Alman-Cənubi Qafqaz üzrə məsul olan xanım Karin Strenz və Qadın Sahibkarlar mərkəzinin rəhbəri xanım Kristina Bannuşer ilə də görüşlər keçirilib. Almaniyada biznes qurmaq istəyən xanımlar üçün xüsusi olaraq postsovet respublikalarının iş adamları ilə əməkdaşlıq edən bir neçə şirkətlə keçirilən görüşlər isə  maraqla qarşılanıb. Almaniyada böyük tələbat olan sahələr üzrə ətraflı məlumat verilib və mümkün olan əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Alman qadın sahibkarların iş yerlərinə səfəri də maraqla qarşılanıb. (liftlərin istehsalı və servisi, tikinti materialların istehsalı, tekstil malların sifarişi və Almaniya bazarında satışı, kişi geyim fabrikinə)

Görüşlərlə yanaşı xanm sahibkarlar dəyirmi masa formasında keçirilən ”Almaniyada ticarət sahəsində import və eksport”, “özünü necə marketinq etmək “ mövzularında seminarlarda da iştirak edərək faydalı və praktiki məsləhət və tövsiyyələr əldə etmişdilər.

Təcrübə mübadiləsində iştirak edən xanım sahibkarlar ASK-nın “Qadın sahibkarlığın inkişafı  komissiyası” ilə öz təsuratlarını bölüşüblər:

Arzu Əliyeva, “Vəkil Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru

-Məlum olduğu kimi  2015-ci il iyun ayının 28-dən iyul ayının 3-dək beş nəfər azərbaycanlı biznes xanımı,  o cümlədən mən   Almaniyada  işgüzar səfərdə olduq.  Görüşdən yüksək təəssüratlarla qayıtmışıq və ümid edirəm ki, Almaniyada öyrəndiyimiz təcrübələri  respublikamızda  tətbiq etməklə Azərbaycanda sahibkarlığın inkişafına  yardımçı olacağıq.

Biz Almaniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir çox xanımlarla tanış olduq. Onların hər birinin özünəməxsus biznes sahəsi və müxtəlif iş üsulları var idi. Lakin onları birləşdirən bir cəhət mənim yaddaşımda dərin iz buraxdı Onların hamısı problemlərindən çox asanlıqla danışır və bildirirdilər ki, Sahibkarlar Konfederasiyasında onların hüquqları real olaraq qorunur. Onlar hər  hansı bir çətinliyə düşərsə, bu barədə Konfederasiyada hüquqların müdafiəsi üzrə komitəyə müraciət edir və komitə dərhal lazımi köməkliyi  göstərir. Onları məhkəmələrdə yalnız vəkilləri deyil, həm də Konfederasiyanın nümayəndələri müdafiə edirlər.

Mən çox istərdim ki, qadın sahibkarların hüquqlarının müdafiəsi üzrə ASK-nın nəzdində komitə yaradılsın və bütün sahibkar xanımlar  onların sahibkarlıq fəaliyyətilə əlaqədar üzləşdikləri problemlərdə konkret olaraq ASK-dan hüquqi yardım alacaqlarına, həmçinin məhkəmələrdə hüquqi dəstək alacaqlarına əmin olsunlar.

Tacirə İslamova, “FFF+N” MMC şirkətinin təsisçisi

-Bizim Almaniya səfərimiz haqqında sizə xoş təəsuratlarımı yazmaq istəyirəm. Səfər çox maraqlı idi, görüşlər, söhbətlər, hamsı bir birindən fərqlənirdi. Almaniyada görüşdüyümüz iş xanımları çox cəsarətli görünürdülər. Əslində onların cəsarətli görünmələri məni çox rulandırıb. Ümüdlərim  məni yaşadır. Almaniya görüşləri mənə yeni-yeni ideyalar  verdi. Alman ekperti Aqneşka xanıma və ASK-nın Qadın sahibkarlığı komissiyasına təşəkkür edirəm.

Almaniyadakı iş xanımları öz işlərinə başlayanda daha sərbəst olublar, ona görə də daha cəsarətlidilər. Ancaq bizdə hələ çox cəsarətli olmaq bir az çətindir. Gəlin ümid edək ki, hər şey yaxşı olacaq.

Səfər şəhər gəzintisi ilə yekunlaşıb.