
8 noyabr 2014-cü il tarixdə Türkiyənin İstanbul şəhərində keçirilən Türkiyə İş Qadınları Dərnəyinin (TİKAD) 10 illik yubileyində ölkəmizin özəl sektorunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təmsil etmişdir.
Tədbirdə Türkiyənin birinci xanımı Əminə Ərdoğan iştirak etmiş, həmçinin ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu səsləndirilmişdir.
Türkiyənin qadın iş adamlarınının, yerli və xarici qonaqların iştirak etdiyi möhtəşəm tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibi Natəvan Məmmədova, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının Baş katibi, həmçinin ASK-nın Türkiyə təmsilçisi Məmməd Zülfüqarov və ASK-nın Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin mütəxəssisi Gülüstan Həsənova da iştirak etmişlər.
ASK-nın Baş katibi Natəvan Məmmədova Türkiyə İş Qadınları Dərnəyinin sədri Nilüfer Bulutla görüşərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Azərbaycan Sahibkarlar Konfederasiyası haqqında ətraflı məlumat verən N.Məmmədova bildirib ki, ASK-nın tərkibində “Qadın sahibkarlığın inkişafı komissiyası” fəaliyyət göstərir. TİKAD ilə əməkdaşlıqda maraqlı olan komissiya üzvlərinin və birgə layihələrdə iştirakı arzu ediləndir.
Türkiyə İş Qadınları Dərnəyinin sədri Nilüfer Bulut isə bildirib ki, onlar da azərbaycanlı qadın iş adamları ilə birgə tədbirlərin keçirilməsində maraqlıdırlar. Nilüfer Bulut deyib ki, Türkiyə İş Qadınları Dərnəyi ilə Azərbaycan Sahibkarlar konfederasiyası bundan sonra sıx əməkdaşlıq edəcək. Həmçinin gələcəkdə Azərbaycan –Türkiyə iş qadınları birliyinin yaradılmasını arzu etdiklərini də dilə gətirib.
Qeyd edək ki, tədbir zamanı ASK-nın təmsilçiləri Türkiyənin tanınmış qadın iş adamları ilə tanış olaraq, onları azərbaycanlı xanım sahibkarlarla əməkdaşlığa dəvət ediblər.