Assosiasiya və İctimai Birliklərin fəaliyyəti təkmilləşdiriləcək

16 mart 2015

Assosiasiya və İctimai Birliklərin fəaliyyəti təkmilləşdiriləcək

Qonaqları qarşılıqlı əməkdaşlığa dəvət edən, sahibkar hökumət münasibətlərindən söhbət açan ASK-nın prezidenti Məmməd Musayev assosiasiya və ictimai birliklərin fəaliyyətini təhlil edib. O bildirib ki, ölkədə dövlət qeydiyyatından keçən 100-ə yaxın iqtisadi yönümlü ictimai birliklərin olmasına baxmayaraq, hələ də onların birgə fəaliyyəti qənaətbəxş səviyyədə deyil.

M.Musayev ASK-nın tərkibində fəaliyyət göstərən komissiyalardan da söhbət açıb. O qeyd edib ki, Konfederasiyanın işinin daha səmərəli təşkili üçün sahəvi 14 komissiya fəaliyyət göstərməsinə baxmayaraq, hələ də bəzi komissiyalardakı mövcud vəziyyət istənilən səviyyədə deyil. Komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirən Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının bu istiqamətdə ictimai birliklərin və assosiasiyaların potensialından istifadə etməkdə maraqlı olduğunu dilə gətirib. Onun sözlərinə görə yalnız birgə əməkdaşlığa nail olmaqla birlikləri və assosiasiyaları narahat edən məsələlər ASK-da işçi qaydada toplantılarda müzakirə edilə bilər, hazırlanan təklif və tövsiyyələr aidiyyatı dövlət orqanlarının diqqətinə çatdırıla bilər.

ASK-nın Baş katibi Natəvan Məmmədova isə qeyd edib ki, ölkədə hələ də elə sahələr var ki, orda müəyyən boşluqlar var. Bu gün qeyri neft sektorunun inkişafı istiqamətində daha böyük investisiyalar cəlb etmək, Avropa bazarına çıxmaq məqsədilə iş adamlarının bir assosiasiya ətrafında birləşməsi zəruri hal hesab olunur. Belə ki, eyni istiqamətdə fəaliyyət göstərən sahibkarların birləşərək, yeni sahəvi assosiasiyalar yaratmasına ehtiyacı yaranıb. Bu gün sahibkarların qarşılaşdığı bir sıra problemlər- əmək miqrantlarının işə cəlb edilməsi, kənd təsərrüfatı sahəsində fermerlərin maliyyə çıxışı zamanı qarşılaşdığı maneələr və s. kimi məsələlər komissiyaların və onların inkişafına dəstək verəcək ictimai birliklərin köməyi ilə həll edilə bilər. N.Məmmədova bu yöndə olan tələb və təklifin aşağıdan formalaşıb, yuxarı qurumlara təqdim olunmasını daha məqsədəuyğun hesab edib.

Daha sonraiştirakçılar müzakirələrə qoşularaq, Konfederasiya rəhbərliyinin bu təşəbbüsünü müsbət qiymətləndiriblər. Təklif ediblər ki, bu tip görüşlər ayda bir dəfədən az olmayaraq təşkil edilsin və onları narahat edən məsələlər Azərbaycan Sahibkarlar Konfederasiyasında mütəmadi olaraq müzakirəyə çıxarılsın. Bildirilib ki, növbəti görüşdə gələcək birgə fəaliyyəti əks etdirəcək tədbirlər planı hazırlansın, maarifləndirmə istiqamətində işlər aparılsın. Görüşlərdə konktert nəticələrdən danışılsın.

İştirakçılar tərəfindən müxtəlif fikirlər səsləndirilib. Bildirilib ki, qanun layiləri hazırlanarkən həmin qanunun tənzimlədiyi sahə üzrə ixtisaslaşmış ictimai birliklərin mövqeləri nəzərə alınmalıdır. Bu müddəa 2014-cü ildə qəbul edilmiş “İctimai İştirakçılıq” haqqında Azərbaycan Respublikasının qanununda da öz əksini tapmışdır. Qanunun işlək vəziyyətə gətirilməsinə ehtiyac var.

Görüşdə iştirak edən TÜSİAB və ATİB-in təmsilçiləri də komissiyaların idarə edilməsi sahəsində təcrübələrini qonaqlara bölüşüblər. Bu istiqamətdə qarşılıqlı əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıblar.