“CPC” MMC-nin “Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi”nin ASK-da təqdimatı keçirilib

20 aprel 2016

“CPC” MMC-nin “Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi”nin ASK-da təqdimatı keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  CPC” MMC-nin “Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi”nin  təqdimat mərasimi keçirilib. Təqdimatda  ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər.

Təqdbirdə maraqlı təqdimatla çıxış edən müəssisənin Baş direktoru Vaqif Hüseynov  məlumat verib ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmaqla və yeni istehsal sahələri hesabına əhəmiyyətli şəkildə genişləndirilməklə 2015-ci ilin sonlarından başlayaraq yenidən fəaliyyətə başlamış “Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi” ölkənin şirniyyat, konditer, konserv və süd məhsulları, dondurma və s. istehsalı müəssisələrinin qarğıdalının emalından əldə olunan  şəkər əvəzedicilərinə – qlükoza, fruktoza, quru nişasta, maltoza  və s. olan tələbatlarını ən yüksək keyfiyyət standartları səviyyəsində ödəmək məqsədilə yaradılmışdır.

Qeyd edilib ki, kompleks hal-hazırda  gündə 80 ton qarğıdalı emal edərək ya 58 ton qlükoza; ya 63-68 ton fruktoza; ya 58 ton maltoza ; ya da 52 ton quru nişasta istehsal etmək gücünə malikdir. Bu isə, orta hesabla ildə 23 min ton şəkər əvəzediciləri olmaq etibarilə istər daxili tələbatın  ödənilməsi,  istərsə də məhsulların müəyyən qisminin ixracı üçün yetərli hesab olunur. Kompleksin  yeni istehsal korpusları  elə layihələndirilib   ki, gələcəkdə istehsal gücü müəyyən investisiyalar hesabına 300 ton /gündə/ qarğıdalı emalınadək artırıla biləcəkdir. Bununla da müəssisənin gündəlik məhsul istehsalı həcmi orta hesabla 63 tondan 250 ton müxtəlif çeşidli məhsulların, o cümlədən 100 ton Fruktoza, 72,5 ton qlükoza  və 77,5 ton quru nişasta istehsalınadək artacaqdır.

CPC” MMC-nin “Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi”nin fəaliyyəti tədbir iştirakçıların böyük marağına səbəb olub. Daha sonra iştirakçıları maraqlandıran suallar  ətrafında fikir mübadiləsi aparılıb.