
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafının yeni çağırışlar mərhələsində apardığı islahatlar prosesində informasiya və kommunikasiyaları texnologiyaları sahəsinə xüsusi önəm verilir. Bu prosesə yaxından töhfə verilməsi məqsədilə sıralarında 7 000-dən artıq sahibkarlıq subyektini birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən İKT Komissiyası yaradılmışdır.
Komissiyanın əsas vəzifəsi ölkəmizdə İKT-nin inkişafına töhfə verilməsi, bu sahədə biznes mühitinin yaxşılaşdırılması, İKT sahəsində fəaliyyət göstərən sahibkarların maraqlarının əlaqələndirilmiş formada təmsil edilməsi, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərimizin xarici bazarlara ixracının təşviq edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və startap hərəkatının genişlənməsinə yardım göstərilməsindən ibarətdir.
2016-cı ilin 3 noyabr tarixində AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkında İKT Komissiyasının 2-ci toplantısı keçirildi. Toplantıda Komissiyanın üzvü qismində Azərbaycanın İKT sahəsində aparıcı şirkətlərinin rəhbərləri, informasiya cəmiyyətinin tanınmış nümayəndələri, yüksək texnologiyalar üzrə ölkəmizin beyin mərkəzləri, informasiya texnologiyaları üzrə tanınmış iş adamları iştirak etdi. Komissiyanın iclasında həmçinin Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Məlumat Hesablama Mərkəzinin, AZPROMO-nun, AMEA-nın, ADA Universitetinin rəhbərliyi iştirak etdi. Komissiyanın iclasında o cümlədən Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təmsilçisi də iştirak etdi.
Azərbaycan Sahibkarlar Konfederasiyasının IKT komissiyasının sədri İsmayıl Ələkbərov tədbiri giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan iri-miqyaslı islahatlar prosesinə ölkə sahibkarların dəstək olduğunu bildirdi. Komissiya sədri ölkəmizin biliyə və intellektə əsaslanan yeni iqtisadi model əsasında inkişafının vacibliyini vurğulayaraq, fəaliyyətini bu istiqamətdə quran İKT Komissiyasının strategiyası, gələcək iş prinsipləri və fəaliyyət istiqamətləri barədə məlumat verdi. Həmçinin, Komissiyanın ölkəmizdə İKT və rabitə sahəsində fəaliyyət göstərən biznes dairələrini birləşdirən aparıcı platforma olduğu qeyd edildi.
Daha sonra Nazir müavini Elmir Vəlizadərabitə və yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində ölkəmizdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verdi. Nazir müavini, bu sahədə kiçik və orta sahibkarlığın, startapların inkişafı, habelə ölkəmizin İKT potensialının xarici bazarlara təşviqi üçün yenicə fəaliyyətə başlamış İKT Komissiyasının töhfə verə biləcəyini vurğuladı və bu istiqamətdə Komissiyanın işinə uğurlar arzuladı.
Toplantıda iştirak edən digər qurumların nümayəndələri tərəfindən çıxışlar edilərək, ölkəmizdə yüksək texnologiyaların, innovasiyaların, startaplarıninkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı, İKT-nin inkişafı istiqamətində dövlətin siyasəti, sahibkarlığın inkişafı və işgüzar mühitin yaxşılaşdırılması istiqamətində dövlət-özəl tərəfdaşlığının yaradılmasının vacib olduğu vurğulandı.
İclas zamanı Azərbaycan İKT Sənayesinin Strateji İnkişaf Planı, Azərbaycanda İKT sahəsində işgüzar dairələri öz sıralarında birləşdirəcək ixrac yönümlü Milli Assosiasiyanın yaradılması, İKT həllərinin və məhsullarının xarici bazarlara ixracının təşviqi, elektron ticarət və qanunvericiliyinin vəziyyəti və əqli mülkiyyət məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Komissiyanın iclası zamanı aparılan müzakirələrdə İKT sahəsində biznes mühitinin yaxşılaşdırılması, milli texnoloji yeniliklərin, proqram təminatı və sistem inteqrasiyası həllərimizin xarici bazarlara ixracının təşviq edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və startap hərəkatınına təkan verilməsi üçün konkret təkliflərin hazırlanması və Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim edilməsi qərara alındı.