
Bundan sonra İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında (İTSKP) Azərbaycan biznes icmasını Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil edəcək.
9 noyabr 2015-ci il tarixdə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İTSKP Direktorlar Şurasının 22-ci görüşündə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında üzvlük məsələsi nəzərdən keçirilmiş və bu məsələ İTSKP-nın Maliyyə Komitəsinə tövsiyə edilmişdir. İTSKP-nın Maliyyə Komitəsinin 55-ci görüşündə qərar qəbul edilmişdir.
Məlum olduğu kimi, bu günədək İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında ölkəmizin biznes icmasını Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası təmsil edirdi.Bugündən etbarən isə bu misiyanı ASK həyata keçirəcək. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası ilə mövcud əməkdaşlıq müzakirə edilərək, əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq iş aparılacaq. Həmçinin palatanın təşkil etdiyi tədbirlərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası fəal iştirak edəcəkdir.
Qeyd edək ki, İslam Ticarət Palatası, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) özəl sektorla məşğul olan, İƏT-in üzv dövlətlərində biznesin inkişafına dəstək göstərən bu sahədə zəngin təcrübəyə malik bir qurumdur. Beləliklə İslam Ticarət Palatası çərçivəsində ASK-nın fəal üzv olması, ümumilikdə Azərbaycan biznes icması, eləcə də Kiçik və Orta Sahibkarlığın inkişafı üçün faydalı olacaqdır.