
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Rusiya Federasiyasının Çuvaşıya Respublikası, Altay və Nijni Novqorod vilayətlərindən olan iş adamları və yerli sahibkarların iştirakı ilə işgüzar görüş keçirilib.
Görüşdə Rusiyanın Çuvaşıya Respublikası, Altay və Nijni Novqorod vilayətinin tanınmış şirkətlərinin nümayəndələri ilə yanaşı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox şirkət təmsilçiləri iştirak ediblər.
Rusiyadan ölkəmizə işgüzar səfərə gələn 12-ə yaxın şirkət təmsilçiləri Azərbaycanda müvafiq tərəfdaş tapmaq və əməkdaşlıq etmək məqsədini qarşıya qoyublar.
Tədbirdə Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək, idxal-ixrac əməliyyatları, yeni partnyorluq əlaqələri yaratmaq kimi məsələlər müzakirə olunub.
Tədbiri açıq elan edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse –prezidenti Vüqar Zeynalov ölkə iqtisadiyyatı ilə bağlı ətraflı məlumat verərək, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndiyindən, son illər ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasından ətraflı söhbət açıb.
Daha sonra ASK-nın Baş katibinin müavini Fuad Hümbətov Konfederasiya, onun strukturu, fəaliyyəti barədə ətraflı danışıb.
Altay vilayətinin Ticarət və Sənaye Palatasının prezidenti Boris Çesnokov isə çıxışında bildirib ki, Altay vilayəti kənd təsərrüfatı sahəsində Rusiya miqyasında liderlərdən biri hesab olunur. Əhalinin 50 faizi kənd təsərrüfatı ilə məşğuldur. Bizim torpaqların 6,5 milyon hektarı əkinə yararlıdır. Altay vilayəti un, şəkər çuğunduru, pendir, qarabaşaq istehsalı üzrə liderdir.Altay vilayətində əczaçılıq sənayesinin də inkişaf etdiyini qeyd edən Boris Çesnokov görüşdə təmsil olunan şirkətlərin Azərbaycanda tərəfdaş tapmaq və əməkdaşlıq etmək niyyətində olduqlarını dilə gətirib.
Daha sonra şirkətlər maraqlı təqdimatla çıxış ediblər.
Görüş öz işini Azərbaycan və Rusiya iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirib.
Günel Yusifqızı