
3 iyul 2015-ci il tarixdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin iş planına uyğun olaraq Konqresin Rəyasət Heyətinin növbəti iclası Bakı şəhərində keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memerı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Daha sonra tədbir öz işinə başlamışdır.
Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin Şurasının sədri, Moldova Sənayeçiləri və Sahibkarları Milli Konqresinin prezidenti Vasili Tarlev tədbiri açaraq Bakıda keçirilən iclasa ev sahibliyi edən Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığını yüksək qiymətləndirmiş, xüsusi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. Konfransın əhəmiyyətindən danışan Vasili Tarlev bildirib ki, son illər dünyada iqtisadi inkişaf templərinin gücləndiyi bir dövrdə belə bir konfransın keçirilməsi olduqca vacibdir. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən qonaq ölkəmizdə özəl sektorun yüksəlişi, sahibkarlar təşkilatları ilə hakimiyyət orqanları arasında dialoq təcrübəsinin öyrənilməsində maraqlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, bu tədbir tərəflər arasında əməkdaşlığın genişlənməsinə öz tövhəsini verəcəkdir.
İqtisadiyyat və Sənaye Nazirinin müavini Sahib Məmmədov da tədbirdə çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən söhbət açıb. Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri də sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. Bu istiqamətdə qəbul edilmiş müxtəlif dövlət proqramları uğurla icra olunmaqdadır. Təsadüfi deyildir ki, hazırda ölkədə ümumi daxili məhsulun 83 faizinin çoxu özəl bölmənin payına düşür və qarşıda duran bir çox vəzifələrin həyata keçirilməsində sahibkarların rolu artmaqdadır.Sahibkarlığın inkişafında iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların birlikləri arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bakı şəhərində keçirilən işgüzar konfrans bu məsələlərin müzakirəsi üçün gözəl fürsət və gələcək səmərəli fəaliyyətinizə möhkəm zəmin yaradacaqdır.
SSBK Şurası sədrinin müavini, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Məmməd Musayev bildirib ki, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşılıqlı əməkdaşlığı sayəsində həyata keçirilən tədbirlərdən söhbət açıb. Bildirib ki, konfederasiya sahibkarlarla,dövlət orqanları ilə, yerli qurumlarla birgə işi ilə yanaşı, beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq işəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyünü bundan sonra da məmnuniyyətlə davam etdiricək.M.Musayev qeyd edib ki, hazırda ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı davamlı işlər görülür: “Biz istəyirik ki, Azərbaycanın bu sahələrdə əldə etdiyi təcrübəni Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinə üzv olan ölkələr arasında yayaq. Biz qeyd edilən sahələrdə inkişafa nail olmaq üçün əlimizdən gələni edəcəyik”.
Daha sonra Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresin Rəyasət Heyətinin növbəti iclası öz işinə başlayıb. İclasda müasir dövrdə Konqresin fəaliyyətinin bəzi aktual məsələləri, onun milli ittifaq və birliklərlə qarşılıqlı fəaliyyəti, konkret layihə və proqramların həyata keçirilməsi, Yaxın Şərq dövlətlərinin iş adamları ilə daha sıx əməkdaşlığı istiqamətində SSBK-nın koordinasiya şurasının proqramı və perspektivləri, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə birgə əməkdaşlığı və s. kimi mələsələrə baxılıb. Bu sahədə mövcud problemlər ətraflı müzakirə edilib.
Həmçinin SSBK-nın Rəyasət heyəti müasir dövrdə Konqresin fəaliyyətinin bəzi aktual məsələlərinə, onun milli ittifaq və birliklərlə qarşılıqlı fəaliyyətinə , konkret layihə və proqramların həyata keçirilməsinə baxmışdır.
Qeyd edək ki, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi 1992-ci ildə yaradılmış, bu gün də üzv ölkələrin təmsil edən müəssisələrin iqtisadi və sənaye potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir.